Yeni il bayramının yaranma tarixi

Yeni il Bayramı – ilin sonuncu günündən növbəti təqvim ilinə keçid ilə əlaqədər keçirilən ən populyar bayramdır. Dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların həyatına daxil olub. Hər şeyin əvvəli olduğu kimi bu bayramın da öz tarixçəsi və adət-ənənələri var.

Yeni il bayramının yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Daha sonra Babilistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini babillərdən öyrənərək onu yunanlara ötürüblər. Yunanlar vasitəsilə isə bu ənənə Qərbi Avropaya yayılıb. Qədim Romada təqvim aylarındakı günlərin sayı müxtəlif olub. Yeni il həmişə yanvarın 1-i gəlib və inanclara görə, Mitranın doğum günü – İşığın Qaranlıq üzərində qələbəsi günü bununla üst-üstə düşüb. İsa Peyğəmbərin doğum günü də elə dekabrın son günlərinə təsadüf edib. Beləcə bu bayram həm yeni ilin gəlişini, həm həyatın ölüm üzərində qələbəsini, həm də Milad gününü özündə birləşdirib. Beləcə dekabrın 31-dən yanvarın 1-nə keçən gecə 1918-ci ildə Sovet Rusiyası hökumətinin başçısı Vladimir İliç Leninin imzaladığı dekretlə qəbul edilən, hazırda ölkəmizdə də istifadə olunan Qriqori təqvimi ilə bir çox ölkələrdə bayram edilir.

Dünyanın hər yerində bütün insanlar Yeni ili ümidlərlə – xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır. Elə bu adət-ənənələr də yeni ilin gəlişini yaddaqalan, rəngarəng edir. Yolka və Qar qız, Şaxta baba və ya başqa adı ilə Noel ata isə bayramın dəyişilməz rəmzləridirlər.

Yeni il bayramını al-əlvan, bərli-bəzəkli küknar ağacı olmadan təsəvvür etmək qeyri-mümkündür. Əlbəttə, bu el arasında yolka adlandırılan ağacın təbiisi, yəni küknar olsa və yarpaqları ətir saçsa daha gözəl olar. Amma təbiəti qorumaq xatirinə süni yolka ilə də keçinmək olar. Bəs Yeni il bayramında yolka bəzəməyin mənası nədir? Çoxları küknar ağacları bəzəmək ənənəsini xristian dini ilə əlaqələndirir. Əslində isə, həyat rəmzi olan bu ağacın bəzənməsinin tarixi xristianlıqdan əvvəl başlayıb və hansısa bir dinlə bağlı deyil. Hələ miladdan çox-çox əvvəl qədim Misirlilər, romalılar, druidlər dekabrın ən qısa günlərində yaşıl ağacları evlərinə gətiriblər, üzərində qızıl almalar asıblar. Bu, isə qeyd etdiyimiz kimi, həyatın ölüm üzərində qələbəsinin rəmzi olub.

O ki qaldı, Noel və ya Şaxta babaya, eləcə də onun nəvəsi Qar qıza. Bildiyiniz kimi, Şaxta baba qırmızı kürk geyinir, onun başında qar papaq, çiynində xurcun olur, əlində isə əsa tutur, uzun ağ saqqalı var, burnunun ucu isə şaxtadan qızarıb. Ən çox uşaqların sevimlisi olan yeni ilin bu personajını müxtəlif ölkələrdə elə müxtəlif cür səsləyirlər.

Azərbaycanda Şaxta baba, Rusiya və Ukraynada Ded Moroz, Gürcüstanda Tovlis Papa, Almaniyada Vaynaxtsmann, Bolqarıstanda Dyadyo Koleda, Albaniyada Babadimpi, Böyük Britaniyada Faze Kristmas, Yunanıstanda Aqios Vasilis, Danimarkada Yulemanden, Türkiyədə Noel Baba və sairə. Bu adlardan dünyada ən çox populyar olanı Santa Klausdur. Bu obrazın yaranma tarixi ilə bağlı ta qədimdən bəri yaranan əfsanə və rəvayətlər zaman keçdikcə dəyişikliklərə uğrayaraq şəkildən-şəklə düşüb. Əfsanəyə görə, indiki Türkiyənin Muğla vilayətinin Patara şəhərindəki Santa Klaus kilsəsinin Nikolas adlı keşişi olub. Bu keşiş 3-cü əsrin axırlarında Patara şəhərində varlı tacir ailəsində anadan olub. Xristianlar maddi problemin həllində onlara müqəddəs Nikolasın kömək edəcəyinə inanıb. O vaxtdan Almaniyadan başlamaqla Şaxta babanın Yeni il öncəsi xeyirxah missiya ilə dünyanı dolaşaraq hədiyyə paylamaq ənənəsi yaranıb. Şaxta babanın nəvəsi Qar qız obrazı isə Rusiyada yaranıb. Rusların İvan Kupala bayramında ocağın üstündən tullanaraq əriyən Qar qız qış və yayın əvəzlənməsinin rəmzidir.

Fransada Noel ata Yeni il gecəsi evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. 

Burada bayramda hər hədiyyəni hər adama vermək olmaz. Məsələn, qadının öz həyat yoldaşından başqa kimdənsə hədiyyə olaraq ətir qəbul etməsi yaxşı hal hesab olunmur. İsveçrədə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. İtaliyada yeni ildə uşaqların Şaxta babaları yox, Şaxta yəni Befan nənələri var. Bu ölkədə Yeni ili bərkdən qışqıraraq qarşılamaq adəti var. Əgər Yeni il bayramı ərəfəsində təsadüfən Roma küçələrindən keçsəniz ehtiyatlı olun. Çünki pəncərələrdən atılan köhnə ev əşyalarına hədəf ola bilərsiniz. Böyük Britaniyada bayram günü evdə ideal təmizlik və qanun-qayda hökm sürməlidir. Gecə düşərkən ailənin başçısı illərin yerdəyişməsi üçün evin bütün qapılarını açmalıdır. Almanlar Yeni il gecəsi saat 12-ni vurarkən ovuclarında metal pul sıxaraq hoppanırlar. İnanırlar ki, bunu etsələr yeni il daha bərəkətli olacaq. Finlandiyada Yeni il süfrəsi gavalı kiseli və düyü sıyığı olmadan təsəvvür edilmir. İspaniyada bayram günü hamı şəhərin mərkəzi meydanına axışır. Özü də üzüm yeməyə. Yeni il Rusiyada ən çox sevilən bayramdır. Süfrələr bəzənir, evdən sınmış qab-qacaq atılır, pəncərə və güzgülər parıldayana qədər silinir. Braziliyada Yeni il toplardan atılan atəşlərlə qarşılanır. Yaponiyada bayram günü budda məbədlərindəki bürünc zənglər 108 dəfə çalınır. Yaponlar hesab edirlər ki, hər bir zərbə insan həyatını məhv etməyə qadir olan 108 ziyanlı ehtirasdan birini qovur. Ən qəribə bayram hədiyyələrini isə eskimoslar bir-birinə bağışlayırlar. Bu, morjların və ağ ayıların buzdan yonulmuş fiqurlarıdır. Qrenlandiyadakı hava şəraiti bu hədiyyələri uzun müddət saxlamağa imkan verir. Rumıniyada yeni il süfrəsi üçün içərisi sürprizlərlə dolu kökə bişirmək dəbdir. Yağlı kökənin içərisində daha çox pul, gümüş üzük, acı istiot qoyurlar. Yemək vaxtına kimin bəxtinə nə çıxdı, çıxdı. Macarıstanda milli paltar geyən cavanlar küçələrə çıxıb musiqi çala- çala gəzməyə başlayırlar. Dəstəbaşı təntənəli sürətdə elan edir ki, köhnə ili “dəfn” eləyib yenisini bu cür qarşılamaq lazımdır.

Yazdı: Vüsalə Cənnətova

Bu İçeriğe Tepki Ver (en fazla 3 tepki)

Facebook Yorumları