“Evdə təkəm” Aqşin Yenisey
“Evdə təkəm” Aqşin Yenisey

Evdə təkəm,

şəkilinə baxıram

Zəng eləyir arvadımın xalası…

Yağış yağır çəkdirdiyin şəkildə

Bir it də var,

arsız həyət tulası

Yağış yağır çəkdirdiyin şəkildə

Hətta bir az külək əsir, sazaqlı

Sol yanında hüzünlü bir uzaq var

Şəkillərdə yaxşı düşür uzaqlıq

Bir kişi də keçir arxa tərəfdən

Heç baxmırsan,

gözün elə məndədir

Həyata bax, necə gözəl yalandı

Gecə keçir,

ömür qalır,

gün gedir

O kişidən mənim gözüm su içmir

O kişini tanımırıq sən, ya mən.

O kişini evdən qova bilmirəm

Neçə ildir, bizdə qalır şəkilnən

Gecə hərdən hürür həyət tulası

– Ay it! Ay it!

Çımxırıram şəkilə

Bu şəkildə özündən də gözəlsən

Necə edim bu şəkilə çəkiləm?

Bir uşaq da bərk-bərk tutub əlindən

Sağın uşaq,

sol tərəfin uzaqlıq

Mən bilirəm,

şəkillərə çəkilib

Qocalıqdan daldalanır uşaqlıq

Bilirəm ki, yorulmusan şəkildə

Necə alım əlindəki səbəti

Necə öpüm yanındakı uşağı

Necə qovum

o kişini, o iti

Necə qovum,

kişi bəlkə ərindir

Uşaq sizin,

it də evin tulası

Evdə təkəm,

şəkilinə baxıram

Zəng eləyir arvadımın xalası.

YOUR REACTION?

Facebook Conversations