Çətinliklər sizi ruhdan salmasın

Həyatda elə maraqlı insanlar var ki, onlar haqqında danışmaqla qurtarmaz. Hətta bir dərdiniz olsa, ya da bir çətinliyə düşsəniz, tez onun yanına qaçarsınız. Sanki hansısa bir qüvvə sizi onlara tərəf çəkər. Mənim dostum da elə bu insanlardandır.
Bir gün özümü çox pis hiss edirdim. Nə edəcəyimi bilmirdim. Telefonu götürüb ona zəng etdim. “Tez yanıma gəl”, — dedi, sonra da: “Evdə heç kim yoxdur. Həm qəhvə içər, həm də söhbət edərik”, — deyə əlavə etdi.
Qalxıb dostumun yanına getdim. Bir saat sonra həmişə olduğu kimi, artıq özümü yaxşı hiss etməyə başlamışdım. Məni narahat edən problemlər yenə də öz yerində idi, ancaq indi onlar əvvəlki kimi “dəhşətli” deyildi. Bir də Ken (Ken mənim dostumun adıdır) öz kreslosunda oturub adamı elə səbirlə, elə təmkinlə dinləyirdi ki, bütün bunlardan sonra özünü yaxşı hiss etməmək, sadəcə olaraq, mümkün deyildi. 
Söhbətimizə bir qədər ara verdikdən sonra: “İnsan səni görəndə hər şeyi unudur. Elə bil dünyaya yenidən gəlirsən. De görüm, buna necə nail olursan?” — deyə soruşdum. Ken əvvəlcə gülümsədi, sonra da: “Bəlkə də, səndən daha təcrübəli olduğum üçün”, — deyə cavab verdi. Mən “yox” mənasında başımı buladım və sonra da: “Təcrübənin bununla heç bir əlaqəsi yoxdur. Səndə elə bir qüvvə var ki, insanı həmişə özünə çəkir. Sən bu qüvvəni haradan alırsan?” — deyə əlavə etdim.
Ken bir neçə dəqiqə məni süzdü və nəhayət, danışmağı qərara aldı. O, əvvəlcə, qarşısındakı siyirmələrdən birini açdı, sonra da siyirmədən balaca bir qutu çıxarıb: “Əgər dediyin şey, doğrudan da, məndə varsa, onda onun sirri bax elə bu qutudadır”, — dedi. Sonra da əlavə etdi: “Mən bu qutunu 30 ildir saxlayıram. Onun içində nə olduğunu bir mən, bir də ki həyat yoldaşım bilir. Bəlkə həyat yoldaşım da bu qutunu xatırlamır, ancaq mən onu tez-tez açıb baxıram”

 

 

Kenin səsi get-gedə sanki sirli bir aləmdən gəlirdi: “1920-ci illər idi. Mən o vaxt Nyu-Yorkda çox məşhur idim. Həm də necə məşhur? Pul qazanmaq mənim üçün adi bir şey idi. Pulu bir göz qırpımında qazanır və bir göz qırpımında da xərcləyirdim. Hamı mənə həsəd aparırdı.

Nəhayət, xoşbəxt günlər sona çatdı və “pərdənin o biri üzü” göründü. Heç bir həftə keçmədi ki, müflis oldum. Milyonlarım əlimdən getdi. Artıq bir qəpiyim də qalmamışdı. Belə vəziyyətlərdə insanlar nə vəziyyətə düşürlərsə, mən də o vəziyyətə düşmüşdüm. Sərgərdan bir həyat keçirir, çox vaxt da küçələrdə “yurd salırdım””...
Dostum sözünün bu yerində ayağa qalxdı və ucadan gülməyə başladı. Sonra da əllərini qıvrım saçlarının arasında gəzdirərək davam etdi: “Özümə yazığım gəlməyə başlamışdı və “təsəlli üçün” dəniz kənarındakı balaca daxmamızı seçmişdim. Çünki hər kəsdən və hər şeydən qaçmaq və dərdlərimi unutmaq istəyirdim. Nəhayət buna da nail oldum...

Ancaq gec və ya tez insan bir gün özünə gəlir. Mən də bir gün özümə gəldim və güzgüdə qanlı gözlərimi, saqqallı üzümü görəndə öz-özümdən iyrəndim. İndi mən bir heç idim. Nə bir insan kimi, nə də bir həyat yoldaşı kimi qiyməti olan bir heç...
Bütün bunları beynimdə götür-qoy edirdim ki, “hər şeyə son qoymağı” qərara aldım. Hətta bunu necə edəcəyimi də fikirləşmişdim. Dənizdə dəhşətli bir fırtına qopmuşdu və dalğalar dağ kimi göyə yüksəlirdi. Mən dənizin ortasına qədər üzəcək, sonra da özümü dalğaların ixtiyarına buraxacaqdım. Və sonra da hər şey öz-özünə “həll olacaqdı”...
Ken birdən dayandı. Hiss olunurdu ki, çox həyəcanlıdır. Ancaq tez də davam etdi: “Belə bir qərar qəbul etdikdən sonra insan onu vaxt itirmədən həyata keçirmək istəyir. Mən də vaxt itirmədən yerimdən qalxdım və güc-bəla ilə də olsa, sahilə çatdım. Artıq dan yeri sökülməyə başlamışdı. Göy üzü qara ilə qırmızı qarışıq dəhşətli bir rəng almışdı. Dalğaların azğınlığı insanı qorxuya salırdı. Suyun kənarına doğru addımlamağa başladım. Elə bu vaxt qumun üzərində parıldayan bir şey gördüm”.
Bu vaxt Ken qutunu açdı və: “Bax, bu!” — dedi. Qutunun içərisində kiçik bir balıqqulağı var idi. Həm də öz “həmcinslərindən” seçilməyən adi bir balıqqulağı...

Ken davam etdi: “Bir anlıq ayaq saxladım. Diqqətlə balıqqulağına baxmağa başladım. Sonra əyilib götürdüm. Yaş idi, həm də par-par parıldayırdı. Üstəlik, o qədər kövrək idi ki, barmaqlarımı bir az bərk sıxsam, sınardı. Ancaq bu kiçik balıqqulağı neçə-neçə fırtınalara sinə gərmiş, ancaq yenə də sağ-salamat qalmışdı. Öz-özümə: “Axı bu necə olur?” — deyə soruşdum, — “Necə olur ki, bu qədər kövrək bir şey sınmadan salamat qalır?”.
Bir tərəfdən, bu sual beynimi qurd kimi gəmirir, bir tərəfdən isə dalğalar dağ kimi yüksəlirdi. Kim bilir, tonlarla ağırlıqdakı su bu kövrək balıqqulağını neçə dəfə sərt qumlara çırpmışdı. Ancaq balıqqulağı yenə sınmamış, sağ-salamat qalmışdı...
“Axı bu necə olur?..” İndi bu sualın cavabı mənim üçün həyat qədər əhəmiyyətli idi. Bu sualı dəfələrlə beynimdə təkrarladım. Və birdən… Və birdən hər şeyi başa düşdüm. Balıqqulağı özünü onu əhatə edən ağlasığmaz qüvvənin ixtiyarına buraxmışdı. Bu qüvvə ilə “baş-başa” gəlmək əvəzinə, onu “sükutla” qarşılamışdı...
Sahildə nə qədər dayandığımı xatırlamıram. Ancaq geri qayıdanda o balıqqulağını da özümlə götürdüm. Elə o vaxtdan yanımda gəzdirirəm”...

Dostumun əlindən qutunu alıb balıqqulağını çıxardım. İndi o mənim ovcumun içində idi və illərin keşməkeşlərindən xəbərsiz yatırdı...
Mən dostumdan: “Bəs ona bir ad qoymadınmı?” — deyə soruşdum. Ken isə qeyri-adi təbəssümlə: “Əlbəttə, qoydum! Mən ona “Göyərçin qanadı” adını qoydum”, — deyə cavab verdi.

Bu İçeriğe Tepki Ver (en fazla 3 tepki)


Bunlarıda görmek isteyebilirsin!

Facebook Yorumları



Disqus Yorumları